Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.
Hafta.az-ın yazdığına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili, professor Anar İsgəndərov, Prezidenti Administrasiyası ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, icra hakimiyyəti başçısı yanında şura üzvləri, YAP rayon təşkilatının sədri Qafar Əliyev, icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət ediblər.
Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş qısa videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi barədə danışıb. Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən bu tarixin Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı olduğunu nəzərə çatdıran natiq Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, onun hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd edib.

Çıxış edən professor Anar İsgəndərov qeyd edib ki, bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının əbədi olduğunu bir daha sübut edir. Onun yürütdüyü müstəqil siyasət nəticəsində tolerantlıq, sabitlik nümunəsinə çevrilən Azərbaycan daha da çiçəklənməkdədir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin ali idarəçilik keyfiyyətlərini və liderlik xüsusiyyətlərini qeyd edərək, həmin dövrün Azərbaycanda intibah dövrü olduğunu bildirib. Həmin dövrdə yaradılmış ədəbi mühitlə bağlı fikirlərini ümumiləşdirdi. Çıxışının yekununda o, Heydər Əliyevi tək Azərbaycanın deyil, eyni zamanda bütün dünya azərbaycanlılarının lideri kimi xarakterizə edib.
Sonra YAP rayon təşkilatının sədri Qafar Əliyev çıxışında bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyalarına söykəndiyini qeyd edib. Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin bundan sonra da ölkəmizi daha böyük uğurlara aparacağından söz açıb.

Yekunda Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bir daha 1969-cu il 14 iyul tarixini millətimizin və xalqımızın dönüş, qayıdış tarixi kimi səciyyələndirib və Ulu Öndərin hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsi olduğunu, bütün dövrlərdə gücünü, dərin zəkasını xalqının yolunda sərf etdiyini və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını qeyd edib. Prezident İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir.